| 24 dekabr 2009 20:44 |
Xırdalan şəhərində inşa olunmuş Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı icra hakimiyyətinin əməkdaşları qarşıladılar. Mehriban xanıma gül dəstələri təqdim olundu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda inşa olunan yeni inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Yeni binada ulu öndərin büstü qoyulmuş, Heydər Əliyevin Abşeron rayonunun inkişafında göstərdiyi xidmətləri əks etdirən fotostend yaradılmışdır.
Prezident İlham Əliyev icra hakimiyyətindəki iş otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilmişdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı və digər müşavirə otaqları da vardır.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı Abşeron Rayon İcra Hakimiyyətinin kollektivi ilə görüşdü, onları təbrik edərək dedi:
-Sağ olun, sizi bu gözəl binanın açılışı münasibətilə təbrik edirəm. Yaxşı işləmək üçün hər bir şərait vardır. Yaxşı işləmək və yeni ildə yeni uğurlara nail olmaq lazımdır. Sizi salamlayıram və qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Sağ olun!
Xırdalan. 24.12.2009.

